Məhəmməd ibn Həsən əl-Məhdi h.q 255 və ya 256və ya 258ci il (M. 869/870/871) Şəban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Ərəb Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası Cəfəri Şiələrinin 11-ci imamı Həsən ibn Əli Əl-Əskəri , anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli Əl-Əskəri vəfat etməsinə və imamlığın Məhdiyə keçməsinə qədər davam etmişdir. Məhdi, atası (Həsən ibn Əli Əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim
görməmişdir.
Xüsusi naiblər
Məhdi atasının və babasının güvənilən səhabəsi olan Osman İbn Səid özünə naib təyin etmiş, şiələrinin (tərəfdarlarının) suallarına onun vasitəsilə cavab verirdi (5 il). Osman İbn Səid vəfat etdikdən sonra onun oğlu Məhəmməd İbn Osman Məhdinin naibliyinə keçdi (40 il). Daha sonra Əbülqasım Hüseyn ibn Ruh Növbəxti imamın özəl naibliyini yerinə yetirdi (21 il). Son olaraq Mehdinin nümayəndəsi Əli İbn Məhəmməd Səmuri olmuşdur (3 il).
Qeybət
Birincisi, qeybəti suğradır (kiçik qeybət dönəmi). h.q. 260-cı ildən başlayıb, h.q. 329-cu ildə bitmişdir. (69 il)
İkincisi, qeybəti kübradır (böyük qeybət dönəmi). h.q. 329-cu ildən başlayıb və Allah, zühur icazəsi verənə qədər davam edəcək. Hər iki məzhəbin də qəbul etdiyi bir hədisdə belə buyurulur: "Əgər dünyanın (sonuna) bir gün belə qalsa, Allah o günü o qədər uzadar ki, (ta ki,) mənim nəvələrimdən (Əhli-Beytimdən) biri olan Məhdi zühur etsin və dünyayı zülümlə dolduğu kimi, ədalətlə doldursun."
Zühur
Şiəlik və Sünnilik vasitəsilə Məhəmməd peyğəmbərdən və Əhli-Beyt imamlarından Məhdinin zühuruyla əlaqədar, onun Məhəmməd peyğəmbərin soyundan olduğuna və öz zühuruyla bəşər cəmiyyətini həqiqi kamilliyə qovuşduracağına və cəmiyyətə mənəvi həyat verəcəyinə dair sayısız hədislərdən əlavə, onun məhz Əhli-Beyt imamlarının on birincisi İmam Həsən Əskərinin (ə) oğlu olduğuna və dünyaya gəlməyindən sonra uzun müddət gizli yaşadıqdan sonra zühur edəcəyinə və dünyayı zülümlə dolduğu kimi ədalətlə dolduracağı xüsusunda bir çox hədislər nəql edilmişdir.